Ucnoqta.az
www.ucnoqta.az

Hörmüz boğazının İranın nəzarətində qalması Trampı ciddi narahat edir - Politoloq

13:18 - 13 Aprel 2026 tarixində dərc olunub.

Pakistanın baş naziri Şahbaz Şərif və bu ölkənin digər rəsmiləri ABŞ və İran nümayəndələrinin İslamabadda müzakirələrdə nəticə əldə edəcəyinə ümidli idilər. Pakistan paytaxtında yüksək səviyyədə qarşılanan ABŞ və İran rəsmiləri üçün hər cür şərait yaradılmışdı. Ancaq tərəflər güzəştə getmədilər. ABŞ və İranın bir-birlərinə təqdim etdikləri tələblər ətrafında ortaq məxrəcə gələ bilmədilər. Halbuki, iki məsələ - uranın zənginləşdirilməsi və Hörmüz boğazıyla bağlı razılaşma əldə etmək mümkün olsaydı, digər məsələrin razılaşdırılmaması böyük əhəmiyyət kəsb etməyəcək və digər bəndlər danışıqların sonrakı mərhələsinə saxlanılacaqdı. Ancaq İran əvvəlkitək uranın zənginləşdirilməsindən tamamən imtina etmək istəmir.

Müharibədən əvvəl beynəlxalq aləmin Hörmüz boğazının təhlükəsizliyi kimi problem yox idi. Bu, müharibə dövründə və sonrasında yaranan problemdir. Tehran Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir. ABŞ Prezidenti Donald Tramp bir sıra açıqlamalarında Hörmüz boğazının İranın nəzarətində olmasını onu maraqlandırmağıdını, ölkəsinin kifayət qədər nefti və qazı olduğunu söyləsə də, boğazının açılması üçün müxtəlif addımlar atacağını bildirib. Demək, hər halda Hörmüz boğazının İranın nəzarətində qalması Trampı ciddi narahat edir.

Çünki, Hörmüz boğazındakı qeyri-sabit vəziyyət dünyada enerji daşıyıcılarının qiymətlərini qaldırıb, bu isə ABŞ vətəndaşlarının ciblərinə təsir edib. Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib.
Pakistanda nəticənin əldə edilməməsi Pekin üçün yaxşı xəbər deyil. Çin ABŞ-la İran arasında atəşkəsin əsas memarıdır. Pakistanın xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə 5 maddəlik plan irəli sürmüşdü. Bu atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazından gəmiçiliyin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün əldə olunmasıydı. Bunlardan yalnız atəşkəs qəbul olundu. Ancaq indiki atəşkəs də kövrəkdir. Yeni müharibə Çinin enerji daşıyıcılarına çıxışını yenə əngəlləyəcək. Görünür, Donald Trampa bu lazımdır.

Bu arada, Donald Tramp artıq neçənci dəfədir vitse-prezident Ceyms Vensi pis vəziyyətdə qoyub. Tramp Vensi İslamabada ona görə göndərmişdi ki, İran tərəfi ABŞ-ın əsas iki tələbini (uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüz boğazının açılması) qəbul etsin.

Vens qarşı tərəfi bu iki tələbi yerinə yetirməyə inandıra bilmədi. Bundan əvvəl isə Tramp mitinqlərin birində Vensə işarə edərək, İrana qarşı müharibəni məhz vitse-prezidentin məsləhəti ilə başladığını vurğulamışdı. Trampın vitse-prezidentə növbəti zərbəsi onu Macarıstana göndərməsiydi. Vens Macarıstana gedib bu ölkədə parlament seçkisində artıq keçmiş baş nazir Viktor Orbana Ağ Evin dəstəyini ifadə etdi. Halbuki, Macarıstanda keçirilən bütün sorğular seçkidə Viktor Orbanın məğlub olacağını göstərirdi.

Tramp bunu bilə-bilə Vensi Orbana dəstək məqsədilə Budapeştə göndərməyə qərar verdi. Tramp bu addımlarıyla gələcəkdə Vensin Respublikaçılar Partiyasından Prezidentliyə namizədliyinə gölgə salmış olur.

Elxan Şahinoğlu
politoloq

Müəllif: Ucnoqta.az redaksiyası