Livanlıların beşdə biri və ya 1 milyondan çox insan İsrail hücumları səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) nümayəndəsi Babar Bəluc məlumat verib.
O, Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibədə bildirib ki, hazırda Livanda 1 milyondan çox insan regionda və Livanın özündə münaqişənin kəskinləşməsi səbəbindən didərgin düşüb.
Bəluc əlavə edib ki, hər beşdə biri didərgin düşmüş hesab olunur, onların çoxu ümidsiz vəziyyətdədir. BMT nümayəndəsinin sözlərinə görə, Livandakı humanitar vəziyyət gündən-günə pisləşir.
O əlavə edib ki, son bir ayda 200.000 insan Livandan qonşu Suriyaya qaçıb, onlardan 180.000-i Suriya qaçqını və 20.000-i Livan vətəndaşıdır. Eyni zamanda, hər gün təxminən 7 min insan sərhədi keçir.