Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bu ərazilərdə evlər söküləcək - AÇIQLAMA

15:03 - 2 Aprel 2026 tarixində dərc olunub.

Bakıya yağan yağış yenidən paytaxtda fəsadlara səbəb oldu. Xeyli sayda ərazilər sel və gölməçələrə çevrildi. Paytaxtdan kənar bəzi qəsəbələrdə evləri yağış və kanalizasiya suları basdı. Bəs bu evlərin qiymətində hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı Ucnoqta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, avqust ayının sonuna qədər fərdi yaşayış evlərinə tələbat artıb:
"Digər tərəfdən, paytaxtda aparılan söküntü işləri nəticəsində alıcıların böyük bir qismi Bakıətrafı həyət evlərinə yönəlib".

Onun sözlərinə görə, baş verən subasma hadisələri həmin ərazilərdə yerləşən evlərə tələbatı birmənalı şəkildə azaldıb:

"Çünki bu ərazilər artıq riskli zonalar hesab olunur. Evlərin su altında qalması onların keyfiyyətinə və təmir vəziyyətinə ciddi mənfi təsir göstərir. Bu səbəbdən yaxın günlərdə həmin ərazilərdə evlərin kütləvi şəkildə satışa çıxarılacağı ehtimal olunur".

Ekspert qeyd edib ki, bu ilin yanvar ayında ölkə başçısının tapşırığı ilə yeni suötürücü və kanalizasiya xətlərinin çəkilməsi üçün 8 milyard manat vəsait ayrılıb. Bu layihələr çərçivəsində genişmiqyaslı söküntü işlərinin aparılması gözlənilir.
"Belə ki, suötürücü xətlərin keçəcəyi ərazilərdə yerləşən evlər söküləcək".

Ekspert qeyd edir ki, görüləcək işlər nəticəsində mövcud problemlər aradan qaldırılacaq. 

İlkin

Müəllif: Ucnoqta.az redaksiyası