Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2022-ci il tarixli Fərmanı ilə “Elmi dərəcələr və elmi adların verilməsi qaydası haqqında Əsasnamə”yə bəzi dəyişikliklər edildi. Bu dəyişikliklərdən biri daha çox müzakirə predmetinə çevrildiyi və bundan öncə publisistik mövzularda yazdığım yazılarda dəfələrlə bu məsələyə müraciət etdiyim üçün onu şərh etməyi özümü borclu bildim.
Ucnoqta.az xəbər verir ki, bunu Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev bildirib. Onun sözlərinə görə, söhbət yuxarıda qeyd olunan Əsasnamədə yer alan professor elmi adının verilməsi zamanı digər tələblərlə yanaşı iddiaçılardan əvvəlcədən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müəyyən ediləcək beynəlxalq xülasələndirmə və indekslənmə sistemlərindən (bazalarında) götürüləcək H-indeksinin (Hirşa indeks) özünə istinadlar istisna olmaqla humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olması tələbindən gedir:
"Ümumiyyətlə, dünya elmində bir universiteti, elmi müəssisə və ya alimin elmi fəaliyyətini qiymətləndirmək üçün elmmetrik göstəricilərdən də istifadə olunur. Elmmetrik göstəricilərdə də əsas meyarlardan biri H-indeksidr. Hirşa indeksi alimlərin, alim qrupunun, elmi təşkilatın fəaliyyətinin elmi məqalələr və həmin məqalələrə istinada görə kəmiyyət göstəricisidir. Başqa sözlə, H indeksi alimin nəşrlərinin həm məhsuldarlığını, həm də sitat təsirini ölçən beynəlxalq səviyyədə tanınmış metrikdir.
H indeksi 2005-ci ildə Argentina-ABŞ fiziki Xorxe Hirşa tərəfindən nəzəri fiziklərin akademik keyfiyyətini müəyyən etmək üçün bir vasitə kimi təklif edilmişdir və bu səbəbdən bəzən Hirş indeksi və ya Hirş nömrəsi adlanır və ya sadəcə olaraq H-indeksi adlandırılır".
Əfsun Sucayev bildirir ki, indinin özündə dünya elmində H indeksi çox həlledici meyardır və H indeksi işə qəbuldan tutmuş yüksəlməyə qədər olan proseslərə ciddi təsir göstərir:
"Bu, hətta Nobel mükafatı qazanmaq, tədqiqat təqaüdlərinə qəbul olmaq və ən yaxşı universitetlərdə vəzifə tutmaq kimi aşkar uğur göstəriciləri ilə sıx bağlıdır. Bununla təkcə akademikin deyil, jurnalın, universitetin, hətta ölkənin akademik uğuru ölçülür.
H indeksi bir alimin ən çox istinad edilən məqalələrinə və digər nəşrlərdə aldıqları sitatların sayına əsaslanaraq müəyyən edilir. Deməli, bir alimin H-indeksi 10-dursa bu o deməkdir ki, ən azı 10 məqaləsinin hər biri 10 və daha çox istinad almış, H indeksi 1 idisə, bu, 1 məqaləyə ən azı 1 istinad edilib. İndi yuxarıdan bəhs etdiyimiz dəyişikliklə, humanitar və ictimai elmlər üzrə professor elmi adını almaq istəyən iddiaçının H-indeksinin 5 olması üçün ən azı nüfuzlu xarci jurnallarda dərc edilən 5 məqaləsinin hər birinə (özünə istinad nəzərə alınmamaqla) 5 və ya daha çox istinad edilməlidir, dəqiq və təbiət elmləri üzrə isə bu göstərici azı on olmalıdır".
Ə.Sucayev qeyd edir ki, elmi təcrübəsindən yararlandığımız qardaş Türkiyədə nəinki professor, hətta dosent (doçent və ya associate professor) elmi adının verilməsi zamanı da elmmetrik göstəricilər kimi H-indeks əsas meyarlardan biri kimi götürülür.