Tağı Əhmədov: «Metroda qalan sərnişinlərin hamısı xilas edilib»
«Mən nə bilim qatarda nə qədər adam qalıb »
Xəbər verdiyimiz kimi, təxminən yarım saat əvvəl Bakıda elektrik enerjisinin verilməsinə fasilə yaranıb. Bu zaman metroda da hərəkət dayınıb və minlərlə sərnişin metro stansiyalarında və tunellərdə qalıb. Bir qədər əvvəl metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında jurnalistlərə açıqlama verən Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirdi ki, artıq metroda qalan sərnişinlərin hamısı xilas edilib. Onun sözlərinə görə, hələlik metroya yalnız 220 və 380 voltluq enerji verilir. Lakin qatarların hərəkəti üçün lazım olan 825 voltluq enerjinin verilişi bərpa olunmayıb: «Təkcə metroda yox, Bakının əksər yerlərində işıq yoxdur. Bunun səbəbini gedin «Azərenerji»dən soruşun. Biz hadisə baş verən andan sərnişinləri xilas edib metrodan çıxarmışıq. Lakin tunellərdə hələ də qatarlar qalıb. Təxminən 20-dən artıq qatar tunellərdədir. Tuneldə qatar qalıbsa, deməli adam da var. Hələ heç nə məlum deyil. Hadisə baş verən andan bütün stansiyalar bağlanıb».
«Metronun ehtiyyat enerji mənbəyi varmı» sualına isə metropoliten rəisi çox əsəbi şəkildə, «xeyr, yeganə eneji mənbəyi «Azərenerji»dir, o da hələ enerji verməyib» deyə, cavab verib. Jurnalistlərlə kobud şəkildə danışan Tağı Əhmədovun sözlərinə görə, 825 voltluq enerji verilən kimi komanda veriləcək və evakuasiya işləri başa çatan kimi metroda hərəkət bərpa ediləcək: «Amma hələlik bunun nə vaxt olacağını deyə bilmərəm. Mən nə bilim qatarda nə qədər adam qalıb? Deyirəm ki, tuneldə adam qalmayıb. Mənim borcum yoxdu sizə hər şeyi danışmağa. Hamı sağ-salamat çıxarılıb, metroda qalan sərnişinlər arasında xəsarət alan yoxdur».
Qeyd edək ki, bir qədər əvvəl «Elmlər Akademiyası» stansiyasının qarşısına yanğınsöndürən maşınlar, Fövqəladə Hallar Nazirliyinin avtomaşınları və təcili-yardım maşınları gəlmişdi. Sərnişinlər isə metrodan uzaqlaşdırılırdı. Amma hələlik nə baş verdiyini rəsmi şəkildə açıqlayan yoxdur.
Elməddin





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər