Norveç Azərbaycanla qeyri-neft sahəsində də əməkdaşlıq etmək istəyir
Norveç kralliğinin ədliyyə və polis naziri azərbaycan parlamentində olub
Fevralın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov Norveç Krallığının ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Norveçin ölkəmizdəki səfiri Jon Ramberq və digər rəsmi şəxslər iştirak ediblər.
Sədr Oqtay Əsədov Norveç nümayəndə heyətinin ölkəmizə səfərinin və burada keçirilən görüşlərin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyinə inamını ifadə edib. Spiker hüquq-mühafizə orqanları arasında yaranmış əməkdaşlığı yüksək qiymətləndirərək həyatın müxtəlif sahələrində münasibətlərin daha da dərinləşməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür. Milli Məclisdə Norveç parlamenti ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir: «Belə bir qurumun Norveç parlamentində də yaradılması qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olardı. Biz deputatlarımızın qarşılıqlı səfərlərini və müxtəlif beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdir edirik».
Görüşdə Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdıran Sədr regionun inkişafına böyük maneçilik törədən Dağlıq Qarabağ münaqişəsindən söz açıb.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən qonaq ölkəsinin müstəqil Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, bu gün Azərbaycanda neftçıxarma sahəsində Norveçin tanınmış şirkətləri fəaliyyət göstərirlər. Onun ölkəsi qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsini önəmli hesab edir.
Qəbulda parlamentlər, hüquq-mühafizə orqanları arasında əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Elməddin





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər