Novruz bayramında əfv ola bilər
Vaqif Səmədoğlu: «Komissiya daxil olan müraciətləri araşdırır»
Cingiz Qənizadə: «Əfv komissiyasına 22 nəfərin adı olan siyahı təqdim edilib»
«Dünəndən Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclasları başlayıb». Bu barədə «Üç nöqtə»yə Əfv Komissiyasının üzvü, millət vəkili Vaqif Səmədoğlu məlumat verib.
V.Səmədoğlunun sözlərinə görə, komissiya daxil olan müraciətləri araşdırır: «Novruz bayramına kimi komissiyanın bir neçə iclasının keçirilməsi gözlənilir. Məhkumların yaxınları mütəmadi olaraq əfv komissiyasına müraciət edir. Onların törətdiyi əməllərə, cəzalırının hansı müddətini çəkmələrinə, baxmayaraq müraciət edirlər. Komissiya üzvləri daim daxil olan müraciətlərlə tanış olur, onları araşdırır. Müraciət edən şəxslər barəsində məhkəmə qərarları ilə tanış olur, həmin məhkumların cəzalarını çəkdikləri müddətdə özlərini necə aparmalarını öyrənir. Tam araşdırmalar aparıldıqdan sonra müvafiq müraciət edilir. Mənə göndərilən bütün müraciətləri komissiyaya təqdim etmişəm. Hazırda həmin müraciətlər də araşdırılır».
Hüquq müdafiəçisi Çingiz Qənizadə isə hesab edir ki, Novruz bayramı münasibəti ilə əfv olması müsbət addım olardı: «Ötən dəfə xeyli məhbus var idi ki, onların sənədləri araşdırıldı. Amma əfvə düşənlər arasında onların adlarını görmədik. Hesab edirəm ki, hazırda da cəzaçəkmə müəssisələrində xəstə, cəzasının böyük bir hissəsini çəkən, benəlxalq təşkilatların azadlığa buraxılmasını istədikləri xeyli məhbus var».
Ç.Qənizadə Əfv Komissiyasına 22 nəfərin adı olan siyahı təqdim etdiklərini vurğuladı: «Həmin siyahıda da adları göstərilən məhkumların azadlığa buraxılması mümkündür. Yəqin ki, komissiyada həmin məhkumlarla bağlı məsələlər də araşdırılacaq».
Qeyd edək ki, Azərbaycanda sonuncu əfv fərmanı 2009-cu ilin dekabrında imzalanıb. Həmin əfv fərmanı 89 məhbusa şamil edilib.
Xalid





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər