ATƏT nümayəndələri “erməni soyqırımı” abidəsini ziyarət edəcək
Joao Soareşin rəhbərlik etdiyi nümayəndə heyəti abidə önünə əklil qoyacaq
Bu gün axşam ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) sədri Joao Soareşin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana gedəcək. Səfər zamanı Soareşin Ermənistan prezidenti Serj Sarkisyan, Milli Məclisin sədri Ovik Abrramyan, xarici işlər naziri Edvar Nalbandyanla görüşləri nəzərdə tutulub. Nümayəndə heyətini bütün ermənilərin katolikosu II Qaregin də qəbul edəcək.
Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, nümayəndə heyəti qondarma erməni soyqırım qurbanlarının memorialı önünə əklil qoyacaq.
Qeyd edək ki, nümayəndə heyəti regional səfər çərçivəsində ilk olaraq Gürcüstana səfər ediblər. 10-13 mart tarixlərində Ermənistanda olacaq nümayəndə heyəti Azərbaycanda ayın 13-16-da görüşlər keçirəcək. Səfər çərçivəsində regiondakı münaqişələrin həlli istiqamətində müzakirələr aparılacaq.
Xatırladaq ki, bu, ATƏT Parlament Assambleyası sədri Joao Soareşin Cənubi Qafqaz regionuna ilk rəsmi səfəridir.





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər