Strasburq Məhkəməsi çoxları üçün ümid mənbəyidir
Tomas Hammarberq: «Avropa İnsan Hüquqları Məhkəməsi çoxsaylı müraciətlərin axını ilə üzləşib»
«Avropa İnsan Hüquqları Məhkəməsi bütün Avropadan olan adi insanların çoxsaylı müraciətlərinin axını ilə üzləşib. 2009-cu il ərzində 50 mindən artıq ərizə qəbil edilib və baxılası işlərin sayı 100 mindən artıqdır. Bu rəqəmlər Məhkəmənin icraatında islahatlar aparılmasına ehtiyac olduğunu, lakin hər şeydən əvvəl milli səviyyədə insan hüquqlarının müdafiəsi zərurətini ortaya qoyur». Bunu Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq vurğulayıb.
Avropa Şurasının Azərbaycandakı ofisindən verilən məlumata görə, Tomas Hammarberq i Strasburq Məhkəməsinin Avropa dövlətində hüquqlarının müdafiə edilmədiyini düşünən bir çox fərdlər üçün önəmli olduğunu bildirib: «1959-cu ildən bəri qəbul edilən hər beş qərarın dördündə cavabdeh dövlət tərəfindən Konvensiyanın ən azı bir pozuntusunu aşkar edib. İşlərin öhdəsindən gəlmək məqsədi ilə məhkəmə öz səmərəliliyini artırmaq üçün addımlar atıb. Son onillikdə yekun qərarların sayı iki dəfədən artıq çoxalıb. 14 saylı məşhur protokol qüvvəyə mindikdən sonra prosedurları sadələşdirmək və məhkəmənin səmərəliliyini gücləndirmək üçün əlavə imkanlar yaranacaq. Lakin şübhə yoxdur ki, iş yükünün altında məhkəmənin batıb qalmasından yaxa qurtarmaq üçün əlavə tədbirlərə ehtiyac vardır. Bu qəti fikirdir ki, qərarların keyfiyyətliliyi saxlanılmalı, qərarlar ağlabatan müddətdə çıxarılmalı və hər şeydən əvvəl müvafiq dövlətlər tərəfindən tam və səmərəli surətdə icra edilməlidir.
Məhkəmənin fəaliyyətinin aktuallığı açıq-aşkardır, çünki onun qərarları statuslarından asılı olmayaraq insanların həyatına konkret təsirə malikdir. Lakin məhkəmənin fəaliyyəti fərdi işlər üçün aktual olmaqla yanaşı, həm də ona görə aktualdır ki, İnsan hüquqları haqqında Avropa Konvensiyası Avropa Şurasının üzvü olan bütün dövlətlərdə daxili qanunvericiliyə daxil edilib. Beləliklə, Strasburq Məhkəməsinin qərarları bütün üzv dövlətlər üçün milli qanunvericiliyin şərhində ən nüfuzlu mənbə rolunu oynayır. Yaxın gələcəkdə Avropa İttifaqının Konvensiyaya qoşulması ilə sistemin bu aspektinin əhəmiyyəti artacaqdır».
Tomas Hammarberq daha sonra vurğulayıb ki, bu təsisatın səmərəliliyinin və bununla birlikdə həm də ona etimadın təmin edilməsi üçün əlavə islahatlara ehtiyac olacaq: «Əsas problemlərdən biri ondan ibarətdir ki, çoxlu sayda açıq-aydın qəbul olunmayan və ya əsassız ərizələrə baxılması onun fəaliyyətinə maneçilik törədir. Faktiki olaraq ərizələrin azı 90 faizi bu kateqoriyaya aiddir. Bu, prosedurlar barədə informasiyanın üzv dövlətlərdə yayılması üçün daha ciddi səylərə ehtiyac olduğunu göstərir.
Bundan başqa, “təkrarlanan işlər” deyilən ciddi problem mövcuddur. Qəbul olunmayan elan edilmiş işlərin təxminən əlli faizində faktiki olaraq artıq məhkəmə qərarlarının predmeti olmuş məsələlər qaldırılır. Buna görə də onlar əslində cavabdeh dövlətlər tərəfindən onların müvafiq milli sistemi çərçivəsində həll edilməlidir».
T.Hammarberqin qənaətinə görə, ideal məqsəd ondan ibarətdir ki, hər bir fərd öz ölkəsində ədalət mühakiməsinə müraciət edə və ədalət mühakiməsinə nail ola bilsin: «İndi məhkəməyə daxil olan çoxlu sayda işlər milli səviyyədə qaneedici şəkildə həll olunsa belə, bu Məhkəmə heç vaxt lüzumsuz olmayacaq. Konvensiyanın etibarlı şərhinə ehtiyac duyduğumuz mühüm işlərdə məhkəmənin müdrikliyi həlledici amil olmaqda davam edəcək».
Xalid





Şərhlər (0 şərh göndərilib):
Bu yazıya şərh göndər