Əbülfəs Qarayev: “Turistlərin hesabına büdcəyə 1,5 milyard dollar vəsait daxil olur”
“Hilton” otelində Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci il Azərbaycanda “Turizm il i” ilə bağlı keçirilən tədbirlərin yekununa həsr olunmuş kollegiya iclası keçirilib. İclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, keçən il bir çox turizm sahəsində mühüm irəliləyişlər baş verib. 2011-ci ilin yekunlarına nəzər salan nazir, ilin uğurlu baş tutduğunu, turizm sahəsində bir sıra uğurların əldə olunduğunu deyib.
"Azəbaycana il ərzində 2 milyondan çox turistin gəldiyini nəzərə alsaq, büdcəyə 1,5 milyard dollar vəsait turistlərin hesabına daxil olur. Bu qədər vəsait də daxili turizmin potensialında mocvuddur. Azərbaycan turizmi 3 milyard dollara qədər vəsaiti dövriyyədə saxlayır", - nazir qeyd edib.
Nazir onu da vurğulayıb ki, Azərbaycana xaricdən gələn insanların sayının artım tempi Ümumdünya Turizm Təşkilatının orta göstəricilərindən üstündür. Ötən il Azərbaycana gələn turistlərin sayında 14 faiz artım qeydə alınıb.
Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, ötən il Azərbaycan gəlmə turizmindən 966,3 milyon manat gəlir əldə edib: "Bu göstərici 2010-cu illə müqayisədə 26 faiz çoxdur. 2011-ci ildə Azərbaycana 2 239 141 nəfər xarici vətəndaş gəlib. Onların 1 milyon 800 min nəfərdən çoxu turistlərdir".
2010-cu ildə ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 499 olduğu halda, 2011-ci ildə bu rəqəm 515 olub. 2011-ci ildə ölkədəki yataq yerlərinin sayı 33 393 olub. Bu da 2010-cu illə müqayisədə 11,8 faiz çoxdur.
Ötən il 30 mehmanxana istifadəyə verilib. Hazırda 45 mehmanxana isə tikilir.
Keçən il 39 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bunun nəticəsində ölkənin dövlət büdcəsinə 214 500 manat vəsait daxil olub.
Hazırda ölkədə 178 turizm şirkəti fəaliyyət göstərir. 2005-ci ildə bu rəqəm 197, 2006-cı ildə 240, 2007-ci ildə 255, 2008-ci ildə 230, 2009-cui ildə isə 218 olub.
Aysər